Şuşa
mənim uşaqlıq yaddaşımda bir neçə saniyəlik ağlı-qaralı film kadrı kimi
qalmışdı. Amma Şuşanın gözəlliyini həmişə böyüklərdən eşidirdim, duyurdum
və təsəvvür etməyə çalışırdım. Neçə-neçə şeirlərimdə xalqımızın bir gün müqəddəs
Şuşaya səfər edəcəyinə inamımı vurğulamışam. Çox şükrlər olsun ki, bu amala,
arzuya xalq olaraq yetə bildik. Ali Baş Komandanımızın Dəmir yumruğu, Xilaskar
Ordumuzun haqq savaşındakı qəhrəmanlığı və xalqımızın həmrəyliyi, arxa cəbhədəki
misilsiz əməyi sayəsində 30 il ərzində düşmən tapdağı altında inildəyən
torpaqlarımızı işğaldan azad etdik. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda
canlarını fəda edən, qürurumuzu özümüzə qaytaran şəhidlərimizin ruhu qarşısında
minnətdarlıq hissi ilə baş əyir, döyüşçülərimizə, qazilərimizə cansağlığı
arzulayıram.
Çox şükrlər olsun ki, Şuşanı ziyarət
etmək mənə də qismət oldu. Uzun illər rayonumuzun mərkəzi xəstəxanasında baş
həkim işləmiş, “Azərbaycan Bayrağı” ordenli, “Əməkdar həkim” fəxri adına layiq
görülmüş Məmməd Nağıyevlə birlikdə may ayının 12-də V “Xarıbülbül” Beynəlxalq
Folklor Festivalında iştirak etdim. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi
və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunan festivalda iştirak
etməyimiz bizi hədsiz dərəcədə sevindirdi.
Şuşaya gedən avtobus karvanı may ayının
12-si səhər saatlarında Bakıdan Heydər Əliyev Mərkəzinin qarşısından yol aldı.
Məmməd həkimlə avtobuslarımız ayrı olsa da, (mən “üçüncü avtobus”da, səfər
yoldaşım “dördüncü avtobus”da əyləşmişdi) yolumuz bir idi. Bizim arzularımız da
bir idi. Füzuli ərazisindən keçərkən düşmənin torpaqlarımızda qalan mənfur
izlərinə, barbarlıqlarına avtobusların pəncərələrindən baxdıq. Mənfür düşmənlər
bütün kəndləri, hətta qəbirləri də dağıdıb yerlə-yeksan ediblər. Bir dənə də
olsun dağılmamış tikili yoxdur, yaşayış üçün bir dənə də olsun daş üstünə daş
qoymayıblar. Yol boyu sürətlə və keyfiyyətlə aparılan quruculuq işlərinə də
şahid olduq. Məlumdur ki, tez bir zamanda Qarabağ yenidən qurulacaq,
abadlaşacaq və Böyük qayıdış başlayacaqdır.
Bir ürəyə gedən şah damarı kimi Şuşaya
gedən Zəfər yolunda qəlbimiz sevinclə, həyəcanla döyünürdü. Zəfər yollarını
qalxdıqca həyəcanımz daha da artır, adında bir sehr olan Azad Şuşanı
görəcəyimiz üçün sanki qanadlanıb uçurduq. Şuşa qayalarını seyr etdikcə igid
əsgərlərimizin hünəri insanı heyran edirdi. Belə əzəmətli qayaları aşaraq
Şuşanı azad edən qəhrəman oğulları olan xalq, dünyanın ən xoşbəxt, ən döyüşkən
xalqıdır. İndiki və gələcək nəsillər daim bu Şanlı qələbəni xalqımıza
yaşatdıran, tarix yazan igidlərimizlə, şəhidlərimizlə fəxr edəcəklər.
Vaxtın necə getməyinin fərqinə varmadan,
sanki bir göz qırpımında əziz Şuşamıza çatdıq. Festivala baxmaq üçün Cıdır
düzünə gəldik. Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva festivalın açılışında iştirak etdilər. Şuşanı görməklə bərabər, Cənab
Prezidentimizlə bir tədbirdə iştirak etməyim mənə böyük ilham verdi. Zəfər
qalasında qürurlu, fərəhli anlar yaşadıq. Şuşada olmağımız, belə möhtəşəm
festivalda iştirakımız xoşbəxtlikdir, heç bir zaman yaddaşımızdan çıxmayacaq ən
gözəl, ən dəyərli xatirələrdən biridir.
Cıdır düzü festivala hazır idi;
musiqiçilər, rəqqaslar, qonaqlar, iştirakçılar...Festivalın əsrarəngiz olması
üçün bu məqamda təbiət də öz qollarını çırmaladı - yağış buludları öz çətirini
Şuşanın üstündən götürdü. Şənliyə insan izdihamı sel kimi axdıqca dərələrdən
dumanlar şığıyaraq yüksəkliklərə qalxır, sanki coşqun dalğalar kimi qayaların
üstündən aşmaq istəyirdi. Amma dumanlar göylərə qalxaraq buludları
ağırlaşdırdı. Buludları ağırlaşdıran duman sadəcə şeh damcılarından ibarət
deyildi... Şuşanın başına indi qara dumanlar
axışmayıb. Bir vaxt dağlarının başı qara dumanlar olan Şuşa, indi azad
səmasında üçrəngli bayrağımızın ahəngi ilə dolaşan şəhid ruhlarının cənnət
guşəsidir. Şuşanı, Şuşa dağlarını həm də milli ruhumuz bürüyüb. Cıdır düzü Zəfər
şənliklərinin, musiqi, folklor festivallarının keçirildiyi gözəl məkan kimi öz
şöhrətini yenidən qaytarıb. Düşmən tapdağında ümidlə, intizarla açmış
boynubükük xarıbülbüllər artıq sevinclə, həvəslə torpağın altından baş
qaldırırlar. Şuşa qayaları övladlarına qovuşan, onlarla qürur hissi keçirən
məğrur Ana sinəsi kimi görkəm alıb. Gövhər Ağa Məscidi xalqımızın müqəddəs
ziyarət yerlərindən biridir. Kirs dağı başını məğrur tutaraq xoş günlərimizi
seyr edir. Şuşa qalası Vətən müharibəsində döyüşlərdə əsgərlərimizə səngər
oldu, Pənahəli xanın ruhu ilə oyanıb mənəvi gücə çevrildi, bir neçə əsr əvvəlki
müdafiə missiyasını canlandıraraq əsgərlərimizi düşməndən qorudu. Bu gün Şuşa
qalasının hər daşı xalqımızın döyüşkənlik ruhundan ilhamlanaraq bir-birinə
bərkiyib, sarsılmaz olubdur. İsa bulağı qəzəbindən, kədərindən, həsrətindən
daha qanlı göz yaşı axıtmır. Sevinclə, fərəhlə zümzümə edir. Onun da Şanlı
Zəfərimizə qoşduğu nəğmələr var.
Festival
başlayan kimi buludlar da öz nurunu Şuşaya bəxş etdi. Yağış damlaları Cıdır
düzündən musiqi sədaları ilə birlikdə ətrafa yayıldı, festivalda səslənən
musiqi notları ilə birlikdə öz səsini, ritmini duyurmaq üçün sanki yarışa
keçdi. Yağışlar da İsa bulağının zümzüməsinə, bülbüllərin səsinə, burada oxunan
nəğmələrə ritm tutmağa çalışır. Bunu gözəl bacarır da. Ümumiyyətlə, Şuşada hər
canlı, hər varlıq dilə gəlib danışmaq, oxumaq, öz məharətini, sehrini göstərmək
istəyir.Yazıda qeyd
etdiyim ki, Şuşaya səfər zamanı Məmməd həkimlə arzularımız da bir idi.
Ayrı-ayrı avtobuslarda ürəyimizdə tutduğumuz arzuları Cıdır düzündə bir ağızdan
dilə gətirdik: - Belə gözəl ziyarət, belə xoş ovqatlı günlər Xocalımızda da
olacaq. Amin! Şuşadan
qayıdarkən 6 yaşında didərgin düşdüyüm doğma kəndimizə, qəhrəmanlar yurdu
Kosalar tərəflərə də baxa bildim. Ya Əli dağını seyr etdim. Şuşa sevinci ilə
bərabər, Xocalı intizarını, Kosalar həsrətini eyni anda yaşadım. Amma bilirəm
ki, Şuşanın üstünü alan, bizi isladan buludların bir qanadı Kosaların da
üstündə idi və həmin buludun leysanı Kosalara da yağdı. Şuşada alovlanan bayram
tonqalının işığı onunla qənşər olan Kosalara ümid işığı olduğu kimi, Şuşaya yağan
nur yağışdan Kosalar kəndinə də çiləndi.
Şuşada olarkən
“Tarixə yazıldı Vətən Savaşı” şeirimi də səsləndirdim. Yeni şeirlər yazmaq üçün
könül gözüm zövqlə Şuşanı seyr etdi, qəlbim riqqətə gəldi, ilhamım qanadlandı.
Qürurla, fərəhlə, daha gözəl günlərə inamla Şuşa ziyarətimizi yekunlaşdırdıq.
Amma gözümüz, qəlbimiz bizi ovsunlayan, heyran edib özünə bağlayan Şuşada
qaldı. Ən tez müddətdə yenidən görüşənədək, Əziz Şuşa!
Qalib
Bəyməmmədoğlu,
“Xocalının səsi”
qezetinin redaktoru